Azərbaycan Xalq Cümhuriyyəti İli

Tarix:27-05-2025, 16:15
Baxış Sayı:4

Azərbaycan Xalq Cümhuriyyəti İli

 

AXC cəmi 23 ay yaşamasına baxmayaraq, bu qısa müddət ərzində mühüm dövlətçilik təməlləri qoyuldu. Cümhuriyyət dövründə Azərbaycan bayrağı, vətəndaşlığı təsis olundu, milli ordu yaradıldı və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı düşmən işğalından azad edildi. 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması isə təhsilin və milli elmin inkişafında mühüm mərhələ oldu. Cümhuriyyət parlamenti tərəfindən qəbul edilən 200-dən çox qanun, o cümlədən qadınlara seçki hüququ verilməsi kimi mütərəqqi qərarlar, ölkədə hüquqi, siyasi və sosial islahatların əsasını qoydu.


AXC yalnız daxili deyil, beynəlxalq səviyyədə də tanınmaq üçün ciddi addımlar atdı. Paris Sülh Konfransına göndərilən nümayəndə heyəti Azərbaycanın müstəqilliyini dünya birliyinə çatdırmaq üçün mücadilə apardı. Bu səylər nəticəsində AXC beynəlxalq hüququn subyekti kimi tanındı və bu fakt 1920-ci il bolşevik işğalından sonra da Azərbaycanın siyasi varlığının qorunmasına töhfə verdi.


Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunun oyanmasında, azadlıq və dövlətçilik ideyalarının formalaşmasında misilsiz rol oynadı. Avropa demokratik dəyərləri ilə Şərq mədəniyyətini birləşdirən bu respublika, hüquqi dövlət quruculuğu istiqamətində ciddi islahatlar həyata keçirdi. 1991-ci ildə qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında AXC-nin varisi kimi müasir Azərbaycan Respublikasının hüquqi-siyasi bazası təsbit olundu.


Ulu Öndər Heydər Əliyev AXC irsinə böyük önəm verərək, onun tarixi rolunu həmişə yüksək qiymətləndirmişdir. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi üçrəngli bayrağımızın rəsmi olaraq dövlət bayrağı elan edilməsi və bununla da müstəqillik yoluna dönüşün əsasının qoyulması tarixi hadisə kimi yadda qaldı. Onun hakimiyyətə qayıdışı ilə ölkədə ictimai-siyasi sabitlik təmin olundu, dövlət quruculuğu möhkəmləndirildi.


Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə AXC-nin dövlətçilik ənənələri davam etdirilir. 2007-ci ildə Bakıda İstiqlal Bəyannaməsinə həsr olunmuş abidənin açılışı, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması, “100 illik yubiley medalı”nın təsis edilməsi bu tarixi yaddaşın qorunmasına xidmət edir. Həmçinin, 2021-ci ildə qəbul edilən qanunla 28 may – Müstəqillik Günü, 18 oktyabr – Müstəqilliyin Bərpası Günü kimi qeyd olunur.