Cəmiyyətin inkişafının təməli sağlam təhsil və düzgün tərbiyədən başlayır. Bu mühüm missiyanın ilk pilləsində isə körpələr evi–uşaq bağçaları dayanır. Uşaqların gələcəyinə işıq tutan, onların ilk uğurlarına yol açan bu müqəddəs ocaqların uğurunda peşəkar və qayğıkeş rəhbərlərin əməyi danılmazdır.
Şəmkir şəhər 5 nömrəli körpələr evi–uşaq bağçasının müdürü Gülnar Allahverdiyeva də məhz belə rəhbərlərdən biridir. O, öz məsuliyyəti, təşkilatçılığı, zəhmətkeşliyi və uşaqlara olan sonsuz sevgisi ilə kollektivin və valideynlərin dərin hörmətini qazanmışdır Gülnar Allahverdiyevanın rəhbərliyi altında bağçada uşaqların hərtərəfli inkişafı üçün sağlam, təhlükəsiz və müasir təlim-tərbiyə mühiti yaradılmışdır. Burada balacaların intellektual, mənəvi, fiziki və yaradıcı bacarıqlarının inkişafına xüsusi diqqət göstərilir. Müxtəlif maarifləndirici tədbirlər, bayram proqramları, yaradıcı müsabiqələr və əyləncəli layihələr uşaqların bağça həyatını daha rəngarəng və maraqlı edir.
Onun rəhbərlik prinsiplərinin əsasını insanpərvərlik, qarşılıqlı hörmət, səmimiyyət və yüksək məsuliyyət hissi təşkil edir. Kollektivlə daim mehriban münasibət saxlayan Gülnar xanım hər bir əməkdaşın fikrinə dəyər verir, onların peşəkar inkişafına dəstək göstərir və sağlam iş mühitinin formalaşmasına xüsusi önəm verir.Valideynlərlə sıx əməkdaşlıq bağçanın fəaliyyətinin əsas istiqamətlərindən biridir. Gülnar Allahverdiyevanın təşəbbüsü ilə valideynlərlə mütəmadi görüşlər keçirilir, uşaqların inkişafı ilə bağlı fikir mübadiləsi aparılır və ailə-bağça əməkdaşlığı daha da möhkəmləndirilir. Bu yanaşma uşaqların həm təhsilində, həm də tərbiyəsində mühüm nəticələr verir. Bağçada milli-mənəvi dəyərlərin aşılanmasına, Vətən sevgisinin formalaşdırılmasına, dövlət rəmzlərinə hörmət ruhunda tərbiyəyə də xüsusi diqqət ayrılır. Eyni zamanda uşaqların müasir dünyagörüşünə sahib, savadlı və vətənpərvər şəxsiyyət kimi yetişməsi üçün ardıcıl işlər görülür.
Gülnar Allahverdiyevanın rəhbərliyi sayəsində Şəmkir şəhər 5 nömrəli körpələr evi–uşaq bağçası öz nümunəvi fəaliyyəti, yüksək nizam-intizamı və təlim-tərbiyə sahəsində qazandığı uğurlarla seçilən məktəbəqədər təhsil müəssisələrindən birinə çevrilmişdir. Belə fədakar rəhbərlərin fəaliyyəti cəmiyyətimiz üçün böyük dəyərdir. Çünki bu gün sevgi və qayğı ilə böyüdülən hər bir uşaq sabah Azərbaycanın layiqli vətəndaşı olacaq. Gülnar Allahverdiyevaya gələcək fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı, tükənməz enerji və rəhbərlik etdiyi kollektivlə birlikdə daha böyük nailiyyətlər arzulayırıq. Onun uşaqların xoşbəxt gələcəyi naminə gördüyü işlər daim yüksək qiymətləndirilsin və uğurları davamlı olsun.