Körpə Ürəklərə Nur Saçan Rəhbər – İradə Həsənova

Tarix:Dünən, 10:21
Baxış Sayı:11

 



Hər bir xalqın gələcəyi onun yetişdirdiyi nəslin bilik, dünyagörüşü və mənəvi dəyərləri ilə ölçülür. Bu gələcəyin təməli isə məhz məktəbəqədər təhsil müəssisələrində qoyulur. Körpələrin ilk təhsil ocağı olan uşaq bağçaları onların şəxsiyyət kimi formalaşmasında, həyata ilk addımlarını inamla atmasında mühüm rol oynayır. Bu məsuliyyətli və şərəfli işin öhdəsindən layiqincə gələn rəhbərlərdən biri də Laçın rayon 3 saylı körpələr evi – uşaq bağçasının müdürü İradə Həsənovadır.


İradə Həsənova rəhbərlik etdiyi müəssisədə uşaqların hərtərəfli inkişafını, onların sağlam, bilikli və vətənpərvər ruhda böyüməsini daim diqqət mərkəzində saxlayan peşəkar təhsil işçisidir. Onun fəaliyyəti yalnız inzibati idarəçiliklə məhdudlaşmır. O, eyni zamanda hər bir uşağın qayğısına qalan, onların sevincini öz sevinci hesab edən, problemlərinə həssaslıqla yanaşan əsl pedaqoq və nümunəvi rəhbərdir. İradə xanımın rəhbərlik etdiyi bağçada uşaqlar üçün yaradılan şərait onların rahatlığına və inkişafına xidmət edir. Təlim-tərbiyə prosesində müasir yanaşmaların tətbiqi, uşaqların yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması, onların sosial bacarıqlarının inkişaf etdirilməsi daim diqqətdə saxlanılır. Bağçada keçirilən tədbirlər, açıq məşğələlər, bayram proqramları və müxtəlif maarifləndirici layihələr uşaqların dünyagörüşünün formalaşmasına mühüm töhfə verir. İradə Həsənova hesab edir ki, hər bir uşaq xüsusi diqqət və sevgi tələb edir. Buna görə də o, bağçada çalışan pedaqoji kollektivin fəaliyyətini daim koordinasiya edir, uşaqlara fərdi yanaşmanın vacibliyini ön plana çəkir. Onun rəhbərliyi altında formalaşan mehriban kollektiv valideynlər tərəfindən də böyük rəğbətlə qarşılanır.

Müasir dövrdə məktəbəqədər təhsil müəssisələrinin üzərinə böyük vəzifələr düşür. İradə xanım bu məsuliyyətin fərqində olaraq bağçanın maddi-texniki bazasının gücləndirilməsi, təlim keyfiyyətinin yüksəldilməsi və uşaqların təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm işlər həyata keçirir. Onun rəhbərliyi ilə bağçada sağlam mənəvi mühit yaradılıb, uşaqların özlərini evlərindəki kimi rahat hiss etmələri üçün hər cür şərait təmin olunub. Kollektiv üzvləri İradə Həsənovanı prinsipial, eyni zamanda qayğıkeş rəhbər kimi xarakterizə edirlər. O, hər bir əməkdaşın əməyinə dəyər verir, onların peşəkar inkişafını dəstəkləyir və təhsil sahəsində yeniliklərin tətbiqinə xüsusi önəm verir. Bu xüsusiyyətləri ona həm iş yoldaşlarının, həm də valideynlərin hörmət və rəğbətini qazandırıb. Laçın rayonunun təhsil ənənələrinin yaşadılması və inkişaf etdirilməsi istiqamətində görülən işlərdə İradə Həsənovanın əməyi xüsusi qeyd olunmalıdır. O, uşaqlarda milli-mənəvi dəyərlərə hörmət hissinin formalaşdırılmasına, vətənpərvərlik ruhunun aşılanmasına xüsusi diqqət yetirir. Dövlət bayramları, tarixi günlər və əlamətdar hadisələr münasibətilə keçirilən tədbirlər uşaqların vətənə bağlı ruhda yetişməsinə xidmət edir.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü

Uşaqlar dünyanın ən saf, ən məsum və ən qiymətli varlıqlarıdır. Məhz buna görə də hər il 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü bütün dünyada xüsusi təntənə ilə qeyd olunur. Bu əlamətdar gün Laçın rayon 3 saylı körpələr evi – uşaq bağçasında da böyük sevinc və coşqu ilə qarşılanır. İradə Həsənovanın rəhbərliyi ilə təşkil olunan bayram tədbirləri uşaqlar üçün əsl sevinc mənbəyinə çevrilir. Rəngarəng proqramlar, musiqili çıxışlar, şeirlər, rəqslər və müxtəlif əyləncəli oyunlar balacalara unudulmaz anlar yaşadır. Bayram günü bağçada hökm sürən sevinc və xoş əhval-ruhiyyə hər kəsə xüsusi zövq verir. Bu tədbirlər zamanı uşaqlar öz bacarıqlarını nümayiş etdirir, səhnədə inamla çıxış edir və yeni uğurlara doğru həvəslənirlər. İradə xanımın təşəbbüsü ilə keçirilən bu proqramların əsas məqsədi uşaqların xoşbəxtliyini təmin etmək, onların hüquqlarına diqqəti artırmaq və körpələrin cəmiyyətin ən qiymətli üzvləri olduğunu bir daha xatırlatmaqdır.

İradə Həsənova hər zaman bildirir ki, uşaqlara göstərilən diqqət və qayğı ölkənin gələcəyinə qoyulan ən böyük sərmayədir. Məhz buna görə də o, bağçada təhsil alan hər bir körpənin xoşbəxt, sağlam və savadlı böyüməsi üçün bütün imkanlardan istifadə edir. Bu gün Laçın rayon 3 saylı körpələr evi – uşaq bağçası öz uğurları, nümunəvi fəaliyyəti və sağlam təhsil mühiti ilə seçilən müəssisələrdən biridir. Bu uğurların əldə olunmasında İradə Həsənovanın əməyi, zəhməti və fədakarlığı danılmazdır. Uşaqların sevimli rəhbəri, təhsil sahəsinin dəyərli nümayəndəsi İrahə Həsənovaya gələcək fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı, ailə səadəti və məsuliyyətli işində daim nailiyyətlər arzulayırıq. Onun rəhbərlik etdiyi bağçadan daim xoşbəxt uşaq səslərinin yüksəlməsi, yeni uğurların qazanılması və gələcəyimizin etibarlı əllərdə formalaşması ən böyük arzularımızdandır.