Sevinc Həsənova - Nümunəvi məktəb direktoru
Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli peşədir. Bu peşə mövcud olduğu vaxtdan cəmiyyətdə hörmətlə qarşılanıb və müqəddəs sayılıb. Çünki müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar, öz növbəsində, cəmiyyəti inkişaf etdirir. Yazdığım bu məqalə müəllim adını şərəflə daşıyan, onun müqəddəsliyini qoruyan, böyük pedaqoji təcrübəyə malik olan yenilikçi, həyatını gənc nəslin təlim-tərbiyə işinə həsr etmiş bir təhsil fədaisinin - xocavənd rayon 1saylı tam orta məktəbin direktoru Sevinc Həsənovanın uğurlara həsr olunub.
Əslində o, müəllimlər müəllimidir. Həyatını bir gün də olsun məktəbsiz və uşaqlarsız təsəvvür edə bilməyən Sevimc müəllimənin sənətinə, peşəsinə olan vurğunluğu uzunillik səmərəli pedaqoji fəaliyyətində ona güc, qüvvət, işinə sonsuz məhəbbət vermişdir. Bu həvəs və məsuliyyət ona uğur qazandırmış, onu hər zaman üzüağ, alnıaçıq etmişdir. Müəllim adının şərəfini və ləyaqətini hər zaman uca tutan, "İnsan yorulmamalı, zamanın nəbzini tutmalıdır" deyən pedaqoq həyat enerjisi ilə çalışır. "Uğur qazanmaq istəyirsənsə daim axtarışda ol, zamanla ayaqlaş" - onun bu sözləri pedaqoji fəaliyyətinin leytmotivlərindən biridir.
Onun öz kollektivi və şagirdlərinin valideynləri ilə düzgün və hörmətli münasibəti, təlim prosesi zamanı yaradıcı olması, qarşıya çıxacaq çətinlikləri öncədən görməsi və təlim fəaliyyətinin istiqamətləndirməyi bacarması başqa direktorlar üçün xüsusi bir örnəkdir. Sevinc müəllimə səbirlidir, hislərini cilovlamağı bacarır. Ciddilik və mərhəməti, mülayimliyi düzgün səkildə uzlaşdırır. Onun xususi ilə də Qarabağ müharibəsi əlillərinin övladlarına göstərdiyi qayğı və diqqət təqdirə layiq bir hərəkətdir.
Sevinc müəllimə məktəbdə gözəl nizam - intizam yaratmış və şagirdlərə əsl ata qayğısı göstərir. Mən fəxr edirəm ki, əsl vəzifə borcunu vicdanla yerinə yetirən, vətənpərvər, Sevinc müəllimə kimi direktorlarımız var.
Xocavənd rayon 1 saylı tam orta məktəbinin rəhbərliyi, pedoqoji kollektivi, ən başlıcası isə direktoru Sevinc müəllimə və müavinləri bu istiqamətdə olduqca prinsipaldırlar.
Ps. Biz də tehsil.info.az İnformasiya Agentliyi kollektivi adından Xocavənd rayonu 1 saylı tam orta məktəbin direktoru Sevinc Həsənovaya öz təşəkkürümüzü bildirir. Sevinc müəlliməyə və onun kollektivinə iş fəaliyyətində uğurlar diləyirik.