Pərviz Əliyev: “Əbədi və sarsılmaz müstəqilliyimiz”

Tarix:24-05-2025, 11:15
Baxış Sayı:7

 

28 May tarixi Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin parlaq zirvəsi, azadlıq və milli iradənin təntənəsidir. 1918-ci ilin məhz bu günündə, Azərbaycan Xalq Cümhuriyyəti elan olundu – Şərqdə ilk parlamentli, demokratik, hüquqi respublika kimi tarixə düşən bu dövlət, xalqımızın suverenliyə, azadlığa və milli özünüdərkə olan iradəsinin təzahürü idi.

Cəmi 23 aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti böyük və önəmli islahatlara imza atdı. Milli ordu quruldu, ilk universitet – Bakı Dövlət Universiteti təsis olundu, diplomatik əlaqələr yaradıldı, dövlət atributları – bayraq, himn, gerb formalaşdırıldı. Qadınlara səsvermə hüququ verilməsi ilə Azərbaycan bir çox Qərb ölkələrindən belə önə keçdi. Lakin 1920-ci ildə sovet işğalı bu istiqlal yolunu müvəqqəti olaraq dayandırdı.

Tarix isə öz sözünü dedi. 1991-ci ildə SSRİ-nin süqutu ilə Azərbaycan xalqı öz suverenliyini yenidən bərpa etdi. Lakin o çətin dönəmdə, gənc və zəif dövlət müstəqilliyini qorumaqda çətinlik çəkirdi. Məhz belə ağır zamanda, xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı və onun müdrik, uzaqgörən siyasəti nəticəsində Azərbaycan bir vətəndaş müharibəsindən, parçalanmadan, anarxiyadan xilas oldu. Heydər Əliyev müstəqilliyi qorudu, onu möhkəmləndirdi və Azərbaycanı müasir dövlətçilik yoluna çıxardı.

Bu gün isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz daha da güclənib, regionun lider ölkəsinə çevrilib. Prezident İlham Əliyevin qətiyyətli siyasi kursu, iqtisadi inkişaf strategiyası və uğurlu diplomatik fəaliyyəti nəticəsində Azərbaycan dünya birliyinin sayılıb-seçilən üzvü kimi beynəlxalq nüfuzunu getdikcə artır.

Ən böyük tarixi nailiyyətlərdən biri isə 44 günlük Vətən müharibəsi zamanı qazanılan şanlı Zəfərimiz oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində torpaqlarımız – Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildi. Bu Zəfər, müstəqilliyimizin əbədi olduğunu, xalqımızın güclü iradəyə və yenilməz ruh yüksəkliyinə malik olduğunu bütün dünyaya sübut etdi.

Bu gün 28 May – Müstəqillik Günü yalnız tarixi bir hadisəni xatırlamaq deyil, həm də bu istiqlalın qorunması, möhkəmləndirilməsi və gələcək nəsillərə ötürülməsi yolunda bir and günüdür. Biz müstəqil Azərbaycanımızla fəxr edirik! Bu dövlətin təməlləri sağlamdır, gələcəyi isə parlaqdır!

Yaşasın Müstəqil Azərbaycan!
Yaşasın xalqımızın mübariz ruhu, birliyi və əzmi!
28 May – Müstəqillik Günü münasibətilə xalqımızı təbrik edirik!